Qubadlı rayonunun Hafiz Quliyev adına Çaytumas kənd tam orta məktəbində Nərminə Orucovanın 65 illik yubileyi qeyd edilib.
Tədbirdə ATİAHİ Qubadlı rayon komitəsinin sədri Möhlət Orucov, rayon Təhsil sektorunun aparıcı məsləhətçisi Zakir Qasımov, məktəbin direktoru Şamama Həsənova və müəllimlər iştirak ediblər.
Çıxış edənlər bildirib ki, Nərminə müəllim uzun illərdir peşə fəaliyyətini yüksək keyfiyyətlə və səmərəli şəkildə yerinə yetirir, bütün hallarda hər bir şəxs üçün nümunə olub. O, hər zaman öz peşəsinin nüfuzunu yüksəldir, müəllim adını, şərəf və ləyaqətini daim uca tutur. Gənclərimizin milli vətənpərvərlik ruhunda tərbiyə almasında, müasir elmi biliklərə yiyələnməsində, cəmiyyətimiz və dövlətimiz üçün faydalı, sağlam əhval-ruhiyyədə yetişməsində onun fədakar əməyi danılmazdır.
Nərminə müəllimə onun ünvanına deyilən xoş sözlərə görə, hər kəsə təşəkkür edib. Qeyd edib ki, işlədiyi illər ərzində rayon təhsilinin inkişafına töhfə verməyə çalışıb: “Əlimdən gələni edirdim ki, yetirmələrim cəmiyyətimiz, dövlətimiz üçün faydalı olsun, vətənpərvər ruhda yetişsinlər, həyatda özlərinə layiqli yer tutsunlar. Bu gün yetirmələrimin uğurlarını görəndə çox fərəhlənirəm, əziyyətim hədər getmədiyi üçün özümü çox xoşbəxt sayıram. Bu gün ölkəmizdə müəllimlərə olan hörmət ən ali səviyyədədir. Təhsil sahəsinin inkişafı, müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılması, cəmiyyətdə müəllimin nüfuzunun daha da artırılması daim dövlət siyasətinin mühüm istiqamətlərindən biri olub. Mən bundan sonra da rayonumuzun təhsilinin inkişafı üçün daha səylə çalışacağam”.