Aprelin 5-də Qubadlı rayon Xıdırlı kənd tam orta məktəbin ibtidai sinif müəllimi Diliş Nəcəfovanın 65 illik yubileyi qeyd olunub.
Qubadlı Rayon Təhsil Şöbəsinin və ATİAHİ Qubadlı rayon komitəsinin təşkilatçılığı ilə baş tutan tədbirdə hər iki qurumun nümayəndələri, məktəbin müəllimləri və şagirdləri iştirak ediblər. Təhsil Şöbəsinin müdiri Fuad Bədəlov çıxış edərək D.Nəcəfovanı yubiley münasibətilə təbrik edib, rayon təhsilinin inkişafında xidmətlərindən, gənc nəslin tərbiyə olunmasında və elmi biliklərə yiyələnməsində fədakar əməyindən danışıb. Bildirib ki, məhz D.Nəcəfova kimi müəllimlərimizin yetişdirdiyi vətənpərvər oğullarımız 30 il işğal altında qalan torpaqlarımızı böyük rəşadətlə düşməndən təmizlədi.
ATİAHİ Qubadlı rayon komitəsinin sədri Möhlət Orucov, Təhsil Şöbəsinin İlk həmkarlar təşkilatının sədri Zakir Qasımov və digərləri çıxışında D.Nəcəfovanın mənalı ömür yolundan, müəllim adını şərəflə daşımasından, təhsil verdiyi gənclərin cəmiyyətdə rolundan bəhs ediblər.
Sonda D.Nəcəfovaya Fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.