Qubadlı rayonunun Hafiz Quliyev adına Çaytumas kənd məktəb-liseyi “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə 2022-ci ilin ən yaxşı müəssisəsi (təşkilatı)” respublika müsabiqəsinin qalibi olub. Bu münasibətlə məktəb ATİAHİ Respublika Komitəsi tərəfindən Fəxri Fərmanla təltif olunub. Fəxri fərmanı məktəbə ATİAHİ Qubadlı rayon komitəsinin sədri Möhlət Orucov təqdim edib və təhsil ocağına uğurlar arzulayıb. Məktəbin direktoru mükafata görə, Respublika Komitəsinə təşəkkür edib.
Məlumat üçün əlavə edək ki, 2022-ci ildə “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” devizi ilə əlaqədar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) müsabiqə komissiyasına müsabiqədə iştirak etmiş 2150-dən artıq müəssisə, təşkilat, sex və sahədən yalnız 48 ən yaxşı müəssisənin sənədi daxil olub. Həmin 48 qurunun yüksək göstəriciləri müəyyənləşdirilərək İcraiyyə Komitəsinin müzakirəsinə verilib və onlar yekdilliklə qalib elan ediliblər.
Qeyd edək ki, “Sağlam və təhlükəsiz əmək şəraiti yaradılmasında ilin ən yaxşı müəssisəsi (təşkilatı)” adı uğrunda müsabiqə AHİK-in təşəbbüsü ilə 2009-cu ildən hər il keçirilir. Müsabiqənin məqsədi işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması, bu sahəyə cavabdeh olan şəxslərin məsuliyyətinin artırılması, həmçinin işəgötürənlərin əməyin mühafizəsi məsələlərinə daha diqqətlə yanaşmasına nail olmaqdır. Ötən dövr ərzində müsabiqəyə 22 000-dən çox müəssisə və təşkilat qatılıb, onlardan 530-u qalib elan olunaraq fəxri fərman və hədiyyələrlə mükafatlandırılıb.