İctimai həyatda qazandığı uğurlara və “İlin Peşəkar Gənci” müsabiqəsində fəal iştirakına görə Qubadlı rayon Teymur Müskanlı kənd tam orta məktəbin müəllimi Taleh Əlizadə ATİAHİ Respublika Komitəsi tərəfindən Fəxri Fərmanla təltif olunub. Bu münasibətlə ATİAHİ Qubadlı rayon komitəsində T.Əlizadə ilə görüş keçirilib. Tədbirdə komitənin sədri Möhlət Orucov, Qubadlı rayon Təhsil sektorunun müdiri Zakir Qasımov, məktəbin direktoru Nüranə Hüseynova və pedaqoji kollektivi iştirak ediblər.
M.Orucov çıxışında bildirib ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasəti dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir və gənclər ölkəmizin dinamik inkişafında müstəsna rol oynamaqdadır. Onun sözlərinə görə, gənclərin rifahına xidmət edən dövlət proqramlarının icrası gənclərin potensialının inkişafına, məşğulluğunun təmin olunmasına mühüm töhfələr verib. M.Orucov vurğulayıb ki, həmkarlar ittifaqları dövlətimizin gənclər siyasətinə fəal dəstək verir və həmkarlar ittifaqı üzvlərinin 22,2 faizini 29 yaşadək gənclər təşkil edir: “Hər il yay aylarında həmkarlar ittifaqlarının gənc liderlərinin forumları keçirilir, maarifləndirmə kursları təşkil olunur. Əlaçı tələbələr üçün təqaüdlər təsis edilir. Bir neçə ali məktəbdə aztəminatlı ailələrdən olan 300-dək tələbənin nahar xərcləri, onlarla imkansız tələbənin təhsil haqlarının 30 %-i, bəzilərinin isə 100 %-i həmkarlar ittifaqı tərəfindən ödənilir”.
Tədbirdə digər çıxış edənlər dövlətimizin gənclər siyasətindən və ölkəmizdə gənclərin inkişafı üçün yaradılmış hərtərfli şəraitdən danışıblar.
Sonda Taleh Əlizadəyə ATİAHİ RK-nın fəxri fərmanı təqdim olunub, gələcək fəaliyyətində uğurlar arzulanıb.
Qeyd edək ki, gənc nəslin müxtəlif sənət növlərinə, peşələrə və əmək fəaliyyətinə marağının artırılması, bacarıqlarının respublikamızın sosial-iqtisadi inkişafına səfərbər edilməsi və həmkarlar ittifaqı üzvlüyünə motivasiyasının gücləndirilməsi məqsədilə AHİK tərəfindən 2015-ci ildə “İlin peşəkar gənci” fəxri adı təsis edilib. Əməkdə, təhsildə və ictimai fəaliyyətdə xüsusi nailiyyətlər əldə edən yüzlərlə gənc bu fəxri ada layiq görülüb.